Posted On 14 мая 2017 г.
Bu dünya nərdivandır,
Qalxanda mehribandır,
Enəndə nə yamandır!!!..
Görüşdük pillələrdə
Yolun yarısında biz...
Sən qalxırdın bu dəmdə,
Mən enirdim xəbərsiz...
Səni arzularına qaldırırdı nərdivan,
Məni xatirələrə endiridi bu zaman.
Daha qalxa bilməzdim,
Nə güc, nə o qüdrət...
Sən də enə bilməzdin...
Haqqlı-haqqsız vermişdi
Öz hökmünü təbiət...
Ya gərək düşməyəydi
Bu görüş heç araya,
Ya sən əvvəl gələydin,
Ya mən sonra dünyaya...